BAKI, 15 may. TELEQRAF
Türk İnvestisiya Fondu (TİF) iqtisadi əməkdaşlığı gücləndirmək və regionda birgə inkişaf layihələrini dəstəkləmək məqsədilə yaradılmış Türk dövlətlərinin ilk birgə maliyyə təsisatıdır.
Teleqraf xəbər verir ki, bu barədə Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev "Qazinform"a müsahibəsində bildirib.
Onun sözlərinə görə, fondun nizamnamə kapitalı hazırda 600 milyon ABŞ dolları təşkil edir:
"İlkin olaraq bu məbləğ 500 milyon dollar müəyyən edilsə də, sonradan Macarıstanın bu prosesdə iştirakı ilə əlaqədar 600 milyon dollara çatdırılıb. Bütün üzv dövlətlər fondun formalaşmasında razılaşdırılmış və balanslaşdırılmış əsasda iştirak edirlər ki, bu da təşkilat daxilində bərabərhüquqlu tərəfdaşlıq prinsipini əks etdirir. Qurumun prioritet sahələrinə üzv dövlətlərin milli prioritetlərinə uyğun olaraq kiçik və orta sahibkarlıq (KOS), infrastruktur, bərpa olunan enerji, İKT, nəqliyyat və loqistika, kənd təsərrüfatı, transsərhəd ticarət və turizm daxildir".