BAKI, 10 aprel. TELEQRAF

"Blokçeyn" platforması Cardanonun (ADA) qurucusu Çarlz Hoskinsona görə, 2025-ci ilin sonuna qədər "Bitcoin"in qiyməti 250 min dollar səviyyəsinə çata bilər.

Teleqraf xəbər verir ki, o, bu artımı ABŞ Prezidenti Donald Tramp tərəfindən tətbiq edilən yeni ticarət rüsumlarına bağlayıb.

Hoskinsona görə, Federal Ehtiyat Sisteminin faiz dərəcələri endirməsi sürətli və ucuz pulun kriptovalyutalara axınını təmin edəcək. Kriptovalyuta bazarı növbəti üç - beş ay ərzində durğun olacaq. Lakin sonra artım başlayacaq və bu artım təxminən bir il davam edəcək:

"Bitcoin"in qiymətinin artımını dəstəkləyən bir neçə səbəb var. Birincisi, kriptovalyuta alıcılarının sayının hər il artmasıdır. 2024-cü ildə alıcıların sayı 659 milyon nəfərə çatıb, bu da əvvəlki ildən 13% çoxdur. İkincisi, geopolitik vəziyyətdəki dəyişikliklər yeni investorların cəlbidir. Beynəlxalq qaydalara əsaslanan nizamın dəyişməsi və böyük dövlətlər arasında münaqişələrin artması qlobal biznesin mərkəzləşdirilməsinə səbəb olacaq. Bu isə kriptovalyutanı qloballaşmanın yeganə variantı edəcək. Üçüncü səbəb isə ABŞ-da kriptovalyuta bazarını tənzimləyən qanunvericiliyin təkmilləşdirilməsidir. Bu da investorları sahəyə daha çox yatırım etməyə təşviq edəcək. Hətta " Apple", "Microsoft", "Amazon" kimi nəhəng şirkətləri də bu bazara yönələ bilər".

Bundan əvvəl, Donald Tramp ABŞ-ni kriptodövlətə çevirməyi və "Bitcoin" üçün strateji ehtiyat yaratmağı vəd edib. Tramp hətta bu yöndə ehtiyatların ABŞ-nin dövlət borcunun ödənilməsinə yönəldilməsini irəli sürüb.