BAKI, 16 oktyabr. TELEQRAF
2026-2028-ci illər ərzində Azərbaycanda 4 minə yaxın normativ sənədin işlənib hazırlanması nəzərdə tutulur.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Standartlaşdırma İnstitutunun baş direktorun müavini, baş direktor vəzifəsini müvəqqəti icra edən Kəmalə Məmmədzadə Ümumdünya Standartlaşdırma Gününə həsr olunmuş media təlimdə çıxışında deyib.
O bu sənədlərdən say etibarı ilə üstünlük təşkil edən sahələri qeyd edib: “Ətraf mühit, əməyin mühafizəsi və təhlükəsizlik üzrə 532 standart, mexaniki və hidravlik sistemlər və komponentlər üzrə 442 standart, neft və əlaqəli texnologiyalar üzrə 338, tekstil və dəri texnologiyası üzrə 333 standartın qəbulu planlaşdırılır”.
K.Məmmədzadə əlavə edib ki, Azərbaycanda standartlaşdırma sahəsində mövcud dövlət standarlarının təkmilləşdirilməsi, onların aktuallığının və tətbiqinin səmərəliliyinin müəyyən edilməsi məqsədilə normativ sənədlərin yoxlaması həyata keçirilir.
“Belə ki, 2026-cı ilin 9 ayı ərzində 28 dövlət standartının yoxlaması aparılıb”, - o vurğulayıb.