BAKI, 17 oktyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun İran hakimiyyətinin bütün fəaliyyəti və danışıqları barədə məlumat əldə etdiyini iddia edib.

Teleqraf xəbər verir ki, Tramp bu barədə Corciya ştatında Respublikaçılar Partiyasının tərəfdarları qarşısında çıxışı zamanı danışıb.

“Biz onların etdiyi hər şeydən xəbərdarıq. Dedikləri hər şeyi eşidirik”, – ABŞ Prezidenti bildirib.

Tramp İran rəsmilərinin danışıqlarının Amerika tərəfindən izlənildiyini vurğulayaraq bunun məxfi məlumat olduğunu deyib.

“Bu, məxfi məlumatdır. Biz onların dediyi hər şeyi eşidirik. Mən indicə bu məlumatın məxfiliyini aradan qaldırdım. Amma problem deyil”, – o əlavə edib.

ABŞ lideri bu açıqlamanı noyabrın 3-də keçiriləcək Konqresə aralıq seçkiləri ilə bağlı təşkil olunan mitinqdə səsləndirib.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. İyun ayında Vaşinqton və Tehran Livan da daxil olmaqla bütün cəbhələrdə döyüşlərin dərhal dayandırılmasını nəzərdə tutan anlaşma memorandumu imzalayıblar.

Lakin iyulun 8-nə keçən gecə ABŞ İranı Hörmüz boğazı ilə bağlı razılaşmanın şərtlərini pozmaqda ittiham edərək genişmiqyaslı zərbələri bərpa edib.

Daha sonra Vaşinqton İrana qarşı genişmiqyaslı hərbi əməliyyatların dayandırılması və sanksiyalar vasitəsilə iqtisadi təzyiqin artırılması istiqamətində siyasət yürütməyə başlayıb.