BAKI, 17 oktyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Demokratlar Partiyasını Ukraynadakı korrupsiya ilə bağlı məsələləri ört-basdır etmək məqsədilə ona qarşı impiçment prosesindən istifadə etməkdə ittiham edib.
Teleqraf xəbər verir ki, Tramp bu barədə Ağ Evin əvvəlki administrasiyaların fəaliyyəti ilə bağlı yeni sənədləri açıqlamasını jurnalistlərə şərh edərkən danışıb.
ABŞ liderindən keçmiş prezident Co Baydenin oğlu Hanter Baydenin Ukraynada korrupsiyaya qarşı mübarizə səylərinə xələl gətirib-gətirmədiyi və demokratların bu məsələləri ört-basdır etmək üçün impiçment prosesinə başlayıb-başlamadığı soruşulub.
“Düşünürəm ki, buna çalışıblar. Əslində, məsələ mənim nə düşündüyümdə deyil. Sənədlər öz sözünü deyir”, – Tramp bildirib.
Məlumata görə, Ağ Ev Barak Obama və Co Bayden administrasiyalarının fəaliyyəti ilə bağlı bir sıra sənədləri, o cümlədən ABŞ-nin Ukraynadakı səfirliyinin keçmiş əməkdaşı Corc Kentin xidməti yazışmalarının bir hissəsini ictimaiyyətə təqdim edib.
Həmin yazışmalarda Kent Hanter Baydenin Ukraynanın “Burisma” enerji şirkətinin direktorlar şurasında təmsil olunmasının ABŞ-nin korrupsiyaya qarşı mübarizə mesajlarına mənfi təsir göstərdiyini qeyd edib.
Diplomat Vaşinqtonda Co Baydenlə bu məsələ barədə danışılmasının vacibliyini vurğulayıb. Həmin dövrdə Co Bayden ABŞ-nin vitse-prezidenti vəzifəsində çalışırdı.
Xatırladaq ki, 2019-cu ildə Trampın vəkili Rudi Culiani “Burisma” şirkəti ilə bağlı korrupsiya iddialarını və Co Baydenin Ukraynadakı fəaliyyətini araşdırmağa çalışırdı.
Tramp həmin il iyulun 25-də Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı zamanı araşdırmaya yardım göstərilməsini istəmişdi.
Konqresdəki demokratlar bu müraciəti xarici ölkə liderinə siyasi təzyiq cəhdi kimi qiymətləndirərək Trampa qarşı impiçment prosesinə başlamışdılar.
Demokratlar o zaman Trampın araşdırmadan 2020-ci il prezident seçkilərində rəqibi Co Baydenə qarşı istifadə etmək niyyətində olduğunu bildirirdilər.
Qeyd edək ki, 2020-ci il prezident seçkilərində Co Bayden qalib gəlsə də, Tramp 2024-cü ildə yenidən prezident seçilərək Ağ Evə qayıdıb.