BAKI, 17 oktyabr. TELEQRAF

Macarıstan Avropa İttifaqının (Aİ) 2028–2034-cü illər üçün nəzərdə tutulan büdcəsini yalnız ölkəyə ayrılmış 16,4 milyard avroluq vəsaitin tam ödənilməsi şərti ilə təsdiqləyəcək.

Teleqraf xəbər verir ki, bunu Macarıstanın Baş naziri Peter Madyar Brüsseldə keçirilən Aİ sammitinin yekunlarına dair videomüraciətində bildirib.

“Avropa İttifaqı Şurasının iclasında açıq şəkildə bildirdim ki, Macarıstan dekabrda yeni yeddiillik büdcəni yalnız bizə çatmalı olan bütün inkişaf vəsaitlərini aldığımız halda təsdiqləyəcək. Bundan başqa, Aİ-nin ümumi kənd təsərrüfatı siyasətinə və birlik daxilində iqtisadi fərqlərin azaldılmasına yönəlmiş proqramlara ayrılan maliyyə azaldılmamalıdır”, – Baş nazir vurğulayıb.

Madyar sammitdə Avropa İttifaqının miqrasiya siyasətinə yenidən baxılmasının vacibliyini də gündəmə gətirdiyini bildirib.

Onun sözlərinə görə, qeyri-qanuni miqrasiyaya qarşı mübarizə gücləndirilməli, sərhəd təhlükəsizliyi ilə bağlı daha sərt tədbirlər görülməlidir.

“Artıq hamıya aydındır ki, əvvəlki yanlış və həddindən artıq yumşaq siyasət davam etdirilə bilməz. Kütləvi miqrasiya Avropada ciddi sosial-iqtisadi risklər və təhlükəsizlik təhdidləri yaradır”, – Madyar deyib.

Baş nazir Macarıstanın bu məsələdə Vişeqrad qrupu ölkələrinin, eləcə də İtaliya, Danimarka və Belçikanın daha sərt tədbirlərlə bağlı mövqeyini dəstəklədiyini qeyd edib.

Məlumata görə, Madyar hökuməti hakimiyyətə gəldikdən sonra Aİ-nin tövsiyələrinə uyğun olaraq demokratiya və qanunun aliliyi sahəsində bir sıra islahatlar həyata keçirib. Bunun nəticəsində Avropa Komissiyası ilə əvvəllər dondurulmuş 16,4 milyard avroluq maliyyənin ayrılması barədə razılıq əldə olunub.

Vəsait əvvəlki Baş nazir Viktor Orbanın hökumətinin fəaliyyəti ilə bağlı Brüsselin iradları səbəbindən bloklanmışdı. Macarıstan artıq həmin məbləğin bir hissəsini alıb.

Qeyd edək ki, Brüsseldə keçirilən ikigünlük sammitdə Aİ liderləri 2028–2034-cü illər üçün büdcə layihəsi üzrə razılığa gələ bilməyiblər.

Maliyyə baxımından daha güclü üzv ölkələr Avropa Komissiyasının 1,76 trilyon avroluq büdcə təklifini qəbul etməyib. Aİ fondlarından daha çox maliyyə alan ölkələr isə büdcənin 8 faiz, yəni 141 milyard avro azaldılması variantını dəstəkləməyiblər.

Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın noyabrın sonunda keçiriləcək fövqəladə sammitə qədər kompromis təkliflər hazırlaması gözlənilir.