BAKI, 17 oktyabr. TELEQRAF

Avropa İttifaqı (Aİ) 2027-ci ildən Arktika regionunda müşahidə proqramını həyata keçirməyi planlaşdırır.

Teleqraf xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi Aİ-nin yeni Arktika strategiyasına istinadən məlumat yayıb.

Agentliyin əldə etdiyi sənədə əsasən, proqramın məqsədi regionda təhlükəsizlik təhdidlərini müəyyənləşdirmək, regional əlaqələri gücləndirmək və ABŞ ilə Rusiyanın Arktikada artan ambisiyalarına qarşı tədbirlər görməkdir.

Proqram çərçivəsində Avropa İttifaqının “Copernicus” və “Galileo” peyk sistemlərindən istifadə edilməsi nəzərdə tutulur. Bu sistemlər vasitəsilə quruda və dənizdə potensial təhlükələrin izlənilməsi planlaşdırılır.

Aİ-nin yeni Arktika strategiyasının gələn həftə ictimaiyyətə açıqlanacağı gözlənilir.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin Avropa problemləri departamentinin direktoru, ölkənin Arktika Şurasındakı yüksəkvəzifəli nümayəndəsi Vladislav Maslennikov Avropa İttifaqını regionda gərginliyi artırmaq niyyətində ittiham edib.

O bildirib ki, Brüssel Arktikada əməkdaşlıq məsələlərini siyasiləşdirməkdən imtina etməyə hazır deyil.