BAKI, 16 oktyabr. TELEQRAF

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda su elektrik stansiyalarında 2 milyard 739,5 milyon kilovat-saat elektrik enerjisi istehsal olunub. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 15% çoxdur.

Teleqraf xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Ölkədə ümumilikdə 20 milyard 29,6 milyon kilovat-saat elektrik enerjisi istehsal olunub. Bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,3% azdır. İstehsalın 19 milyard 452,5 milyon kilovat-saatını əmtəəlik elektrik enerjisi təşkil edib. Əmtəəlik elektrik enerjisinin istehsalı 1,8% azalıb.

Hesabat dövründə istilik elektrik stansiyalarında istehsal 15 milyard 170,3 milyon kilovat-saat olub və bu sahədə 9,5% azalma qeydə alınıb. Biokütlə və tullantıların yandırılması ilə işləyən stansiyaların enerji istehsalı isə 168,2 milyon kilovat-saata bərabər olub. Bu göstərici 2025-cü ilin eyni dövrü ilə müqayisədə 5,8% çoxdur.

Külək elektrik stansiyalarında enerji istehsalı 841,3 milyon kilovat-saat olub. Bu səhədə istehsal ötən ilin müvafiq dövrünə nisbətən 27,1 dəfə artıb.

Günəş elektrik stansiyalarında istehsal 533,2 milyon kilovat-saat təşkil edib ki, bu da illik müqayisədə 10,1% artıma bərabərdir.

Qeyd edək ki, hesabat dövründə 506,4 milyon kub metr həcmində su təmizlənib və bölüşdürülüb. Bu göstərici ötən ilin eyni dövrünə nisbətən 4,8% çoxdur.