BAKI, 16 oktyabr. TELEQRAF

"2026-cı il oktyabrın 15-də Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Görüşündə Prezident İlham Əliyev Azərbaycanın xarici siyasətinin əsas prinsiplərini, beynəlxalq hüquqa münasibətini və regional təhlükəsizlik məsələlərinə yanaşmasını bir daha ortaya qoydu. Dövlət başçısı dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət, daxili işlərə qarışmamaq və beynəlxalq münasibətlərdə bərabərhüquqluluq prinsiplərinin qorunmasının vacibliyinə diqqət çəkdi".

Bu fikirlər Milli Məclisin deputatı Vasif Qafarova məxsusdur.

Onun sözlərinə görə, Prezidentin Qarabağ məsələsinə diqqət yetirməsi Azərbaycanın üzləşdiyi tarixi ədalətsizliklərin beynəlxalq auditoriyaya çatdırılması baxımından əhəmiyyətlidir:

"Ermənistanın Azərbaycana qarşı uzun illər həyata keçirdiyi təcavüzkar siyasət, müharibə cinayətləri və dinc əhaliyə qarşı törədilmiş ağır əməllər regionun tarixində silinməz izlər buraxıb. Ermənistanın hər üç keçmiş prezidentinin və onların tərəfdarlarının məsuliyyəti məsələsi bu gün də tarixi ədalət baxımından aktuallığını qoruyur. Xüsusilə Xocalı faciəsi və mülki əhaliyə qarşı törədilmiş cinayətlər göstərir ki, belə əməllər siyasi dəyişikliklərdən asılı olmayaraq hüquqi qiymətini almalıdır. 2018-ci ildə Ermənistanda hakimiyyət dəyişikliyi baş versə də, yeni rəhbərlik də sələflərinin siyasətindən uzaqlaşmadı və əvvəlki yanaşmaların davam etməsi regionda etimadın formalaşmasına mane oldu. Beynəlxalq təşkilatların fəaliyyətinə münasibətdə də ciddi suallar mövcuddur. Avropa Şurası və Avropa Parlamenti insan hüquqları, demokratiya və beynəlxalq hüququn müdafiəsini əsas prioritetləri kimi təqdim etsələr də, işğal dövründə Azərbaycanın üzləşdiyi problemlərə və beynəlxalq qərarların icrasına münasibətdə hər zaman ikili standartlar nümayiş etdirdilər. Bu mənada həmin qurumların beynəlxalq münasibətlərdə anaxronizm və atavizmin nümunələrinə çevrilməsi barədə fikirlər onların dəyişən geosiyasi reallıqlara uyğunlaşması və universal prinsipləri ardıcıl tətbiq etməsi zərurətini ifadə edir. Beynəlxalq hüquq ayrı-ayrı dövlətlərin siyasi maraqlarına uyğun şərh edilməməli, bütün ölkələrə eyni meyarlarla tətbiq olunmalıdır.
Bakıda hərbi cinayətlərdə ittiham olunan şəxslər barəsində keçirilən məhkəmə prosesi də tarixi ədalətin bərpası baxımından mühüm əhəmiyyət daşıyır. Bu prosesin mahiyyət və tarixi əhəmiyyət baxımından Nürnberq tribunalı ilə müqayisəsi müharibə cinayətlərinin cəzasız qalmamalı olduğu fikrini bir daha önə çəkir. Azərbaycan xalqının üzləşdiyi ağır faciələrə baxmayaraq, ölkəmizin intiqam yolunu seçməməsi və məsuliyyət məsələsini hüquqi müstəvidə həll etməyə üstünlük verməsi dövlətin hüquqa əsaslanan mövqeyinin göstəricisidir. Xalqımızın əzablarına səbəb olan şəxslərin əməllərinə görə cavab verməsi zəruridir, lakin bu, bütöv bir xalqa kollektiv məsuliyyət yüklənməsi demək deyil".

Deputat qeyd edib ki, bütün bu məsələlər bir daha göstərir ki, beynəlxalq hüququn əsas problemi yalnız qərarların qəbul edilməsi deyil, onların icrasını təmin edən təsirli mexanizmlərin yetərincə işləməməsidir: "BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların qərarları icra olunmadıqda, hüquqi normaların nüfuzu zəifləyir, cəzasızlıq mühiti yaranır və yeni münaqişələr üçün zəmin formalaşır. Buna görə də beynəlxalq ictimaiyyət qəbul edilmiş qətnamələrin icrasına real təminatlar yaratmalı, öhdəlikləri yerinə yetirməyən tərəflərin məsuliyyətini təmin etməlidir.
Ümumilikdə qeyd edilməlidir ki, davamlı sülhün əsas şərti tarixi ədalətin bərpası, müharibə cinayətlərinə hüquqi qiymət verilməsi və beynəlxalq hüququn selektiv deyil, universal prinsiplərlə tətbiqidir. Əks halda, beynəlxalq təşkilatların qəbul etdiyi qərarlar kağız üzərində qalacaq, münaqişələr davam edəcək və yeni qarşıdurmaların yaranması təhlükəsi aradan qalxmayacaq".