
BAKI, 12 mart. TELEQRAF
Avropa İttifaqı ABŞ-nin polad və alüminiuma dair rüsumlarına cavab olaraq gələn aydan ABŞ mallarına 26 milyard avro (28 milyard dollar) dəyərində rüsum tətbiq edəcək.
Teleqraf xəbər verir ki, bu barədə Avropa Komissiyası məlumat yayıb.
Avropa Komissiyası aprelin 1-dən etibarən ABŞ məhsullarına tətbiq edilən mövcud rüsumların dayandırılmasına son qoyacağını və rüsumların aprelin 13-dək tam qüvvəyə minəcəyini bildirib.
“Bu gün atdığımız cavab tədbirləri güclüdür, lakin mütənasibdir. ABŞ 28 milyard dollar dəyərində rüsumlar tətbiq etdiyinə görə, biz də 26 milyard avro dəyərində cavab tədbirləri ilə reaksiya veririk. Aİ öz istehlakçılarını və biznesini qorumaq üçün hərəkət etməlidir”, - Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen jurnalistlərə bildirib.
Komissiya danışıqlara açıq olduğunu və daha yüksək rüsumların heç kim üçün sərfəli olmadığını bildirib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın bütün polad və alüminium idxalına tətbiq etdiyi 25% artırılmış rüsumlar qüvvəyə minib.