BAKI, 12 mart. TELEQRAF

Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanmış cinayət işi üzrə Müdafiə Nazirliyinin tabeliyində olan müxtəlif hərbi hissələrdə maliyyə xidməti rəisi işləmiş Elvin Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub.

Məhkəmənin hökmü ilə Elvin Cəfərov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Elvin Cəfərov barədə DTX-nin İstintaq Baş İdarəsində toplanmış materiallar məhkəməyə göndərilib.

Elvin Cəfərovun əməli nəticəsində dövlətə 2 milyon 200 min manat ziyan dəyib. İstintaqın əvvəlində ziyanı ödəməsi şərti ilə onun azadlıqda qalmasına şərait yaradılıb.

Amma o, DTX-nin verdiyi fürsətdən lazımınca istifadə etməyib. Bu səbəbdən barəsində həbs qətimkan tədbiri seçilib.
Bu iş üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb.

Elvin Cəfərov bir müddət əvvəl 143 milyonluq cinayət işində mühakimə edilən zabitlərin məhkəməsində şahid qismində ifadə vermişdi.

Qeyd edək ki, Müdafiə Nazirliyindəki 143 milyon manatlıq mənimsəmə faktı üzrə bir neçə icraatda cinayət işlərinə Bakı Hərbi Məhkəməsində baxılıb. 2022-ci ilin əvvəlində Müdafiə Nazirliyinin 4 zabiti - Maliyyə-Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə İdarəsinin keçmiş rəisi Vüsal Əlizadə saxlanılıblar.

Bakı Hərbi Məhkəmənin hökmü ilə Nizami Məmmədov və Bayram Bayramovun hər biri 11 il 6 ay, Cəlal Kazımov 11 il, Vüsal Əlizadə 10 il 6 ay müddətinə azadlıqdan mərhum ediliblər. Eyni zamanda təqsirləndirilən şəxslərin üzərinə həbs qoyulmuş əmlaklarının müsadirə edilməsi barədə qərar qəbul olunub.

Bundan başqa, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi polkovnik Fikrət Mirzəyev və digər şəxslər də Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs ediliblər. Onların hər biri də Bakı Hərbi Məhkəməsinin hökmü ilə məhkum olunublar.