
BAKI, 12 mart. TELEQRAF
Milli Məclisin sədri Sahibə Qafarova Çinin Xarici Siyasət üzrə Xalq İnstitutunun nümayəndə heyətinin rəhbəri, Çin hökumətinin Avropa məsələləri üzrə keçmiş xüsusi nümayəndəsi Vu Honqbo ilə görüşüb.
Teleqraf xəbər verir ki, görüşdə Bakıda keçiriləcək XII Bakı Qlobal Forumunun əhəmiyyəti ilə bağlı fikir mübadiləsi aparılaraq, qeyd olunub ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal problemləri həll edən aparıcı beynəlxalq qurumlardan birinə çevrilib. Mərkəzin yarandığı gündən qlobal ictimaiyyəti narahat edən məsələlərin müzakirə olunduğu və bu gün üzləşdiyimiz aktual problemlərin həlli yollarının axtarıldığı bir platforma olduğu diqqətə çatdırılıb.
Milli Məclisin sədri Sahibə Qafarova Çinlə əməkdaşlığın ölkəmiz üçün xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edərək, bu əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini bildirib. Onun sözlərinə görə, hazırda ölkələrimiz bir çox sahələrdə uğurla əməkdaşlıq edir. Ölkələrimizin bir çox məsələlərdə qarşılıqlı dəstək nümayiş etdirdiyi məmnunluqla ifadə edilib.
Ölkələrimiz arasında yüksək səviyyədə münasibətlərin qurulmasında dövlət başçılarının, qarşılıqlı etimada əsaslanan yüksək səviyyəli siyasi dialoqun xüsusi rolu qeyd olunub. Söhbət zamanı, Azərbaycan Respublikası və Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamənin önəmi vurğulanıb.
Görüşdə ölkələrimizin qanunverici orqanları arasında da münasibətlərə diqqət yönəldilərək, iki ölkənin parlamentləri arasında səmərəli əməkdaşlığın mövcud olduğu bildirilib. Milli Məclisin sədri parlament təmsilçiləri arasında da təmasların, qarşılıqlı səfərlərin əlaqələrin daha da genişlənməsinə töhfə verdiyini söyləyib.
Vu Honqbo XII Bakı Qlobal Forumunda iştirak etməkdən məmnunluğunu bildirərək, tədbirin yüksək səviyyədə təşkil olunduğunu söyləyib. O, Azərbaycanın evsahibliyi ilə COP29-un uğurla təşkil olunduğunu bildirərək, Çinin də bu prosesə öz töhfəsini verdiyini qeyd edib.
Söhbət zamanı, hazırda dünyada dəyişən geosiyasi vəziyyət, mövcud çağırışlar fonunda baş verən bir sıra proseslərin ciddi narahatlıq doğurduğu qeyd edilərək, çoxtərəfli əməkdaşlığın əhəmiyyəti bir daha diqqətə çatdırılıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.