Bu il martın 1-nə işğaldan azad edilmiş ərazilərdə mövcud olan sənaye parklarının rezidentlərinə idxal olunan texnika, texnoloji avadanlıqlar, eləcə də xammala görə 123 təsdiqedici sənəd verilib ki, bu sənədlər əsasında müəssisələr tərəfindən təqribən 7,4 milyon manat dəyərində vergi və rüsumlardan azadolma tətbiq olunub.

İqtisadiyyat Nazirliyindən Teleqraf-a verilən məlumata görə, Ağdam Sənaye Parkı yaradıldığı qısa müddət ərzində rezident sayına görə ölkəmizdəki sənaye parkları arasında ikinci yerə yüksəlib.

Sənaye parkında 28 rezident, 4 qeyri-rezident fəaliyyət göstərir. Sənaye parkının 70 faizə yaxın hissəsi sahibkarların istifadəsinə verilib. Sahibkarlar tərəfindən sənaye parkında görülmüş işlərə 107 milyon manat investisiya yatırılıb, 450-dən çox daimi iş yeri yaradılıb.

Hazırda Ağdam Sənaye Parkında 9 müəssisə fəaliyyət göstərir. Parkda istehsal edilən məhsullar daxili bazarda satılmaqla yanaşı, ixrac edilir. Sənaye parkında indiyədək sahibkarlar tərəfindən 22,3 milyon manatlıq məhsul satışı həyata keçirilib. “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı logistik imkanlar baxımından çox əlverişli ərazidə təşkil olunub.

Bu sənaye parkı yeni salınan magistral avtomobil və dəmir yollarının üzərində yerləşir. Sənaye parkının investisiya portfeli 130 milyon manatdan çox 16 sahibkarlıq subyektinə rezidentlik, 2 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Bu 18 sahibkarlıq subyekti tərəfindən sənaye parkında 1800-dən artıq daimi iş yerinin yaradılması nəzərdə tutulur. Parkın artıq 30 faizdən çox hissəsi sahibkarların istifadəsinə verilib. İndiyədək sənaye parkında görülmüş işlərə rezidentlər tərəfindən 29,6 milyon manatdan çox investisiya yatırılıb, 100-ə yaxın iş yeri yaradılıb. Parkda 1 müəssisə fəaliyyət göstərir, 6 müəssisənin isə tikintisi aparılır.