BAKI, 6 mart. TELEQRAF

Zəngilan rayonu Ağalı kəndində torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün məlumatlandırma sessiyaları başlanıb.

Teleqraf xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən keçirilən sessiyalar, Ağalı sakinlərini torpaqların istifadəsi, müraciət qaydaları və Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) vasitəsilə müraciətlərin qəbulunun sürətləndirilməsi barədə məlumatlandırmaq məqsədi daşıyır.

Müraciətlərin qəbulu prosesi martın 1-də başlayıb və martın 31-dək davam edəcək. Bu proses, Prezidentin 2024-cü il 27 noyabr tarixli Fərmanına və Nazirlər Kabinetinin 2024-cü il 26 dekabr tarixli qərarına əsasən həyata keçirilir.

Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova bildirib ki, işğaldan azad edilmiş ərazilərdə torpaqların istifadəyə verilməsinə ilk dəfə Ağalı kəndindən başlanır.

Görüşdə, Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin baş məsləhətçisi Cahid Mövlayev işğaldan azad olunmuş ərazilərdə infrastrukturun bərpası və abadlıq işlərinin davam etdiyini və bu işlərin kənd təsərrüfatı ilə məşğul olan sakinlərin sosial həyat səviyyəsini yüksəldəcəyini vurğulayıb.

Qeyd edək ki, Ağalı kənd sakinləri ilə icarə müqavilələrinin imzalanması, ərazilərin tanıdılması və təlimlərin keçirilməsi 1 aprel-31 may tarixləri arasında baş tutacaq. İcarə müqavilələrinin müddəti birillik bitkilər və yonca üçün 2 il, çoxilliklər üçün isə 5 il olacaq. Müqavilələr istifadə nəticələrinə əsasən uzadıla bilər.