
TBİLİSİ, 6 mart. TELEQRAF
Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus olan Kulevidəki “Qara Dəniz Terminalı” MMC və Gürcüstanın Veteranlarla İş üzrə Dövlət Xidməti arasında anlaşma memorandumu imzalanıb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, sənədi Dövlət Xidmətinin direktoru general-mayor Koba Kobaladze və MMC-nin direktoru İlqar Əlizadə imzalayıblar.
MMC rəhbərliyi tərəfindən Dövlət Xidmətinin Potidəki nümayəndəliyinə lazımı inventar təqdim edilib.
K.Kobaladze bugünkü günü Azərbaycan və Gürcüstan arasında nümunəvi dostluq və tərəfdaşlıq münasibətlərinin daha bir nümunəsi adlandırıb.
Görüşdə iştirak edən Azərbaycanın Batumidəki Baş konsulu Fuad Əzizov və İ. Əlizadə çıxışlarında qeyd ediblər ki, Gürcüstanın ərazi bütövlüyü uğrunda fədakarlıqla mübarizə aparmış və bu gün də xidmətdə olan şəxslərə dəstək olmaq onlar üçün xüsusi şərəfdir. Qeyd olunub ki, “Qara Dəniz Terminalı” MMC Veteranlarla İş üzrə Dövlət Xidmətinə dəstəyini davam etdirir və gələcəkdə tərəflər arasında əməkdaşlıq daha da dərinləşəcək.