TBİLİSİ, 6 mart. TELEQRAF

“Gürcüstan Rusiya ilə yeni müharibə istəmir, lakin NATO və Avropa İttifaqından imtina etməyəcək”.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili İspaniyanın EFE İnformasiya Agentliyinə müsahibəsində deyib.

“Rusiya ilə münaqişə təcrübəsindən bilirik ki, müharibə yaxşı heç nə gətirmir”, - o qeyd edib.

XİN başçısının sözlərinə görə, Gürcüstanın Qafqaz regionunda əsas missiyası sülhü qoruyub saxlamaqdır və bunun üçün ölkə düzgün manevr etməli və tərəfdaşlarına düzgün mesajlar verməklə ardıcıl mövqe tutmalıdır.

M.Boçorişvili Gürcüstan və Avropa İttifaqı arasındakı gərgin münasibətlərə toxunaraq vurğulayıb ki, Brüssel danışıqlar masasına qayıtmağa qərar verərsə, Tbilisi qarşılıqlı hörmət əsasında dialoqu yeniləməyə hazırdır.

“Avropa İttifaqı ilə münasibətlər ən yaxşı vəziyyətdə deyil. Biz Avropa İttifaqını bu məsələdə qətiyyət nümayiş etdirməyə çağırırıq ki, biz çıxılmaz vəziyyətdən çıxa bilək. Gürcüstan Avropa İttifaqı ilə münasibətlərində strateji gözləmə dövründədir. Ümid edirik ki, Avropa İttifaqı Gürcüstanın regionda etibarlı tərəfdaş olduğunu dərk edəcək”, - nazir söyləyib.