
BAKI, 6 mart. TELEQRAF
Culfa və Kəngərli Rayon İcra Hakimiyyətləri rayonların infrastrukturunu yaxşılaşdırmaq və kommunal xidmətlərin effektivliyini artırmaq məqsədilə yeni texnikaların satın alınması üçün tender elan edib.
Teleqraf dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, Culfa Rayon İcra Hakimiyyətinin elan etdiyi tenderin ehtimal olunan ümumi məbləği 511.580,00 AZN təşkil edir. Tenderdə iştirak etmək istəyən şirkətlər üçün iştirak haqqı 450 AZN olaraq müəyyən edilib.
Tender çərçivəsində 1 ədəd traktor, 2 ədəd 20m³ həcmli su tankeri, 1 ədəd 8 tonluq avtokran, 1 ədəd 6 tonluq yükboşaltma qurğusu, 1 ədəd 4.5 tonluq traktor qoşqusu kimi texnikaların alınması planlaşdırılır. Şirkətlər tender təkliflərini aprelin 8-i tarixinədək təqdim etməlidir. Zərflərin açılışı həmin gün baş tutacaq.
Kəngərli Rayon İcra Hakimiyyəti də kommunal xidmətlər üçün yeni texnikalar almaq məqsədilə tender elan edib. Bu tenderin ehtimal olunan dəyəri 399.700,00 AZN təşkil edir. İştirak haqqı 350 AZN müəyyən olunub.
Layihə çərçivəsində 1 ədəd kanalizasiya təmizləyən avtomobil, 1 ədəd qoşqulu traktor, 1 ədəd kombinə edilmiş çiləyici-yuyucu avtomobil satınalınması nəzərdə tutulur.
Qeyd edək ki, təkliflərin son təqdimolunma tarixi aprelin 9-dur. Zərflərin də həmin gün açılması nəzərdə tutulur.