
BAKI, 6 mart. TELEQRAF
Dünya Bankı Qrupunun "Business Ready" hesabatının "Biznesə daxilolma" indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2025-ci il üzrə Yol Xəritəsi Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya tərəfindən təsdiq edilib.
Teleqraf xəbər verir ki, Yol Xəritəsinə əsasən, bu il təsis payının özgəninkiləşdirilməsi ilə bağlı müqavilələrin qeydiyyat orqanı tərəfindən onlayn qaydada Ədliyyə Nazirliyindən əldə edilərək kommersiya hüquqi şəxsin təsisçi dəyişikliyinin qeydiyyata alınmasını nəzərdə tutan qanunvericilik layihələrinin hazırlanması planlaşdırılır. Bundan başqa, fəaliyyəti xüsusi qanunvericilik aktları ilə tənzimlənən hüquqi şəxslərin qeydiyyata alınması ilə bağlı digər dövlət orqanları tərəfindən verilən sənədlərin elektron qaydada qeydiyyat orqanına təqdim olunması ilə bağlı texniki imkanın yaradılması gözlənilir.
Eyni zamanda, 2025-ci ildə xarici investisiyalı MMC-lərin elektron dövlət qeydiyyatı zamanı təsisçi xarici hüquqi şəxsin elektron apostil verilmiş xarici mənşəli sənədlərinin Elektron Apostil Proqramı vasitəsilə yoxlanılaraq tərcüməsinin notarius tərəfindən informasiya sistemi üzərindən distant rəsmiləşdirilməsi və qeydiyyat orqanına təqdim olunması ilə əlaqədar texniki imkanın yaradılması nəzərdə tutulur.
Xatırladaq ki, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Biznesə daxilolma” işçi qrupuna Dövlət Vergi Xidməti rəhbərlik edir.