BAKI, 6 mart. TELEQRAF

Belçikanın paytaxtı Brüsseldə “Belçika və Avropada 2025 İslam Dünyası İli” dinlərarası beynəlxalq konfransı öz işinə başlayıb.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzindən Teleqraf-a bildirilib ki, konfransda Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti də iştirak edir.

Nümayəndə heyətinin tərkibinə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov da daxildir.

Konfrans çərçivəsində martın 6-da Avropa İttifaqı Parlamentinin üzvü, Asiya ölkələri ilə qrupun rəhbəri, Belçikanın Səhiyyə Naziri Volter Beke ilə Azərbaycan nümayəndə heyəti arasında görüş keçirilib. Görüşdə çıxış edən Rəvan Həsənov Azərbaycanın multikulturalizm ənənələri, multikulturalizm siyasəti haqda danışıb. Azərbaycanda multikultural dəyərlərin əsrlərdən bəri son dərəcə önəmli yer tutduğunu, burada müxtəlif xalqların və mədəniyyətlərin nümayəndələrinin heç bir ayrı-seçkiliyə məruz qalmadan yaşadıqlarını diqqətə çatdırıb. Ölkəmizin bütün dünyada müxtəlif dinlərin nümayəndələri arasında qarşılıqlı anlaşmanın, həmrəylik hisslərinin bərqərar olmasına çalışdığını və bu baxımdan nümunə olduğunu vurğulayıb.

Martın 7-də Avropa İnkişaf və Araşdırmalar Akademiyası (EDARA), ICESCO, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığı ilə “Belçika və Avropada 2025 İslam Dünyası İli çərçivəsində” “Multikulturalizm modelləri – Münasibətlərin qurulması və sülh şəraitində birgəyaşayış modelləri haqqında düşüncələr” mövzusunda Avropa Konfransı keçiriləcək.