
TBİLİSİ, 24 fevral. TELEQRAF
Bu gün Azərbaycan uşaq ədəbiyyatının banilərindən biri, görkəmli yazıçı, böyük müəllim və ictimai xadim Abdulla Şaiqin anadan olmasından 144 il ötür.
Məlum olduğu kimi, Tiflisdə doğulan görkəmli maarif xadiminin atası axund Mustafa Talıbzadə Gürcüstanın tarixi Borçalı mahalının Sarvan, indiki Marneuli rayonundan qədim Talıblılar nəslindən olub. Abdulla Şaiq əsərlərində Borçalı mövzusuna da yer verib və həmin yerlərə “Ey ulu əcdadımızın mədfəni” deyə xitab edib.
Teleqraf-ın yerli bürosunun məlumatına əsasən, ədibin xatirəsi doğulduğu Gürcüstan torpağında əbədiləşdirilib. 2001-ci ildə oğlu, akademik Kamal Talıbzadənin təşəbbüsü ilə Marneulidə Abdulla Şaiqin anadan olmasının 120-ci ildönümü ilə əlaqədar Talıblılar nəslinin qohumu Nəriman Axundovun fərdi yaşayış evində xatirə guşəsi yaradılıb. Karkaraşvili küçəsində yerləşən guşənin açılışı həmin ilin avqustun 10-da baş tutub. Guşə üç lövhədən – mərkəzdə Abdulla Şaiqin 120 illiyinə həsr edilmiş barelyefi, ad-soyad, təvəllüd və vəfat tarixinin göstərildiyi və “Görkəmli yazıçı və pedaqoq bu evdə yaşamışdır” sözlərinin yazıldığı lövhədən ibarət olub.
Xatirə guşəsinin bugünkü vəziyyəti təəssüflər ki, ürəkaçan deyil. Lövhələrdən biri artıq mövcud deyil, yerindən düşərək qırılıb və yararsız vəziyyətə düşüb. Digər lövhədəki yazılar pozulmaq üzrədir. Abdulla Şaiqin barelyefi isə köhnələrək ilkin görünüşünü itirib. Guşənin önündə vaxtilə mövcud olmuş gül kollarının yerini isə alaq otları tutub.
Abdulla Şaiq ata yurdu olan Sarvanda tez-tez olub, lakin bu evdə yaşamayıb. Yazıçının həmin evdə yaşadığının qeyd olunduğu lövhənin vurulması Kamal Talıbzadənin istəyi olub. Xatirə guşəsi ilə yanaşı Axundovların evində Abdulla Şaiqin Bakıdakı Mənzil Muzeyindən təqdim olunmuş fotoşəkillərin surətlərindən ibarət xatirə otağının da yaradılması planlaşdırılsa da, bu, baş tutmayıb. Axundovlar ailəsi həmin fotoşəkilləri bu günədək qoruyub saxlayıb.
23 il öncə yaradılan guşənin bu gün bərpaya və ətrafının abadlaşdırılmasına ciddi ehtiyac yaranıb. Axundovlar ailəsi xatirə guşəsini bu günədək imkanları daxilində qoruyub saxlaya bilib. Şəxsi təşəbbüs əsasında yaradıldığından guşənin bərpası məsələsini Marneulinin hansısa dövlət qurumu qarşısında qaldırmaq mümkün deyil.
Abdulla Şaiqin Bakıdakı Mənzil Muzeyinin direktoru Ülkər Talıbzadə “Teleqraf”ın yerli bürosuna bildirib ki, ədibin Marneulidəki xatirə guşəsinin vəziyyəti barədə məlumatlıdır. Onun sözlərinə görə, guşənin rəsmi açılış mərasimində atası Kamal Talıbzadə, Kvemo Kartli bölgəsinin o zamankı qubernatoru Levan Mamaladze də iştirak edib.
“Təəssüflər olsun ki, xatirə guşəsi hazırda acınacaqlı vəziyyətdədir. Onun bərpa olunaraq yaxşı vəziyyətə gətirilməsini çox istərdim. Sizin vasitənizlə Abdulla Şaiqin nəvəsi və muzeyin direktoru kimi Azərbaycanın Gürcüstandakı səfirliyindən xahiş edirəm ki, əgər mümkündürsə, imkan daxilində bərpa işlərini öz üzərilərinə götürsünlər. Ümid edirəm ki, Abdulla Şaiqin ata-baba yurdundakı xatirə lövhəsi tezliklə onun adına və ədəbiyyatımızdakı yerinə layiq formaya gətiriləcək”, - deyə Ü.Talıbzadə söyləyib.