Fransanın “Total” enerji şirkəti Liviyanın neft bölgələrində davamlı inkişaf layihələrini dəstəkləmək üçün Liviya Milli Neft Korporasiyası (NOC) ilə 20 milyon dollarlıq müqavilə imzalayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Liviya Milli Neft Şirkəti (MOK) məlumat yayıb.

Müqaviləni imzalayan MOK prezidenti Mustafa Sanallah və “Total”ın Liviya baş direktoru Paskal Brentin açıqlamalarla çıxış ediblər.

Mustafa Sanallah MOK və “Total”ın strateji tərəfdaş olduğunu və bu ortaqlığı Liviyanın müxtəlif sahələrinə daşımağı səbirsizliklə gözlədiklərini deyib: “Biz çox böyük bir tərəfdaşla işləyirik. Çalışacağıq ki, 20 milyon dollarlıq müqavilə bütün ölkəyə fayda gətirsin”.

Paskal Brentin müqaviləni imzalamaq imkanı verdiyi üçün Sanallaha təşəkkür edib: “İlk növbədə neft bölgələrində təcili ehtiyacları təmin edəcəyik, eləcə də bəzi sosial obyektlərin tikintisini təmin edəcəyik”.