BAKI, 7 mart. TELEQRAF
Argentina millisinin hücumçusu Lionel Messinin ABŞ-nin “İnter Mayami” klubunda illik qazancı 70-80 milyon dollar təşkil edir.
Teleqraf xəbər verir ki, bu barədə klubun sahibi Xorxe Mas "Bloomberg" agentliyinə müsahibəsində məlumat verib.
Onun sözlərinə görə, səkkizqat “Qızıl top” mükafatının sahibi olan Messi ABŞ klubunda ildə 70-80 milyon dollar qazanır.
Qeyd edək ki, argentinalı hücumçu 2023-cü ilin yayından “İnter Mayami”də oynayır. Onun komandaya qoşulmasından sonra klub dörd titul qazanıb. Bu uğurlar arasında komandanın tarixində ilk dəfə ABŞ-nin Əsas Futbol Liqasının (MLS) qalibi olması da var.
“Dünya səviyyəli sponsorların lazım olmasının səbəbi odur ki, futbolçular çox bahadır. Mən Messiyə maaş verirəm və o, buna tam layiqdir. Bu məbləğ ildə 70-80 milyon dollar arasındadır”, – deyə Xorxe Mas bildirib.
Mas Messinin müqaviləsinin strukturu və illik xərclərin necə formalaşdığı barədə əlavə detalları açıqlamayıb.