BAKI, 13 sentyabr. TELEQRAF

İran və Oman arasında əldə olunan razılaşma çərçivəsində Hörmüz boğazından gəmilərin keçməsi üçün yeni xüsusi dəniz dəhlizinin yaradılması Körfəz ölkələrinin qarşıdakı məsləhətləşmələrinin əsas mövzusu olacaq.

Teleqraf xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi “Al-Araby Al-Jadeed” portalına müsahibəsində deyib.

Əraqçinin sözlərinə görə, görüş zamanı iştirakçı ölkələr İran və Oman arasında əldə olunmuş razılaşmanın detalları barədə məlumatlandırılacaq. Tərəflərə yeni marşrutla bağlı xəritələr təqdim ediləcək və sənədlərin BMT-nin Beynəlxalq Dəniz Təşkilatında (IMO) qeydiyyata alınması üçün birgə bəyanat qəbul ediləcək.

Nazir bildirib ki, görüşün gündəliyi konkret olacaq və digər məsələlər rəsmi gündəliyə daxil edilməməlidir.

Görüşdə Tehran və Maskat arasında müvafiq sazişin imzalanması planlaşdırılır. Əraqçi vurğulayıb ki, razılaşma Hörmüz boğazında mövcud ümumi blokada rejiminin aradan qaldırılmasını nəzərdə tutmur.