BAKI, 5 mart. TELEQRAF

“Qazax İdman Paytaxtı – 2026” tədbirlər planı çərçivəsində Qazax şəhərində yerləşən Heydər Əliyev Parkında müxtəlif idman növlərinin nümayişi və kitab sərgisi təşkil edilib.

Teleqraf xəbər verir ki, tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, gənclər, idmançılar və məktəblilər iştirak ediblər. Proqram çərçivəsində cüdo, güləş, ağırlıqqaldırma, qol güləşi və digər idman növləri üzrə nümunəvi çıxışlar təqdim olunub.

İdmançılar öz bacarıq və hazırlıqlarını nümayiş etdirərək tamaşaçılara maraqlı və yaddaqalan anlar yaşadıblar. Nümayişlər iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Tədbir çərçivəsində Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin fəaliyyətinə və həyata keçirdikləri siyasətə həsr olunan kitablar da sərgilənib. Sərgidə təqdim olunan nəşrlər iştirakçıların diqqətini cəlb edib.