BAKI, 4 mart. TELEQRAF
“Qazax İdman Paytaxtı – 2026” layihəsi çərçivəsində media nümayəndələri üçün Qazax rayonuna mediatur təşkil olunub.
Teleqraf xəbər verir ki, Gənclər və İdman Nazirliyi və Qazax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən səfər zamanı jurnalistlər rayonun tarixi, mədəniyyəti və idman infrastrukturu ilə yaxından tanış olurlar.
Mediatur iştirakçıları əvvəlcə Yuxarı Salahlı kəndində yerləşən Səməd Vurğunun Poeziya Evini ziyarət edib, daha sonra Molla Pənah Vaqifin abidəsi önünə gül dəstələri qoyublar.
Nümayəndələr həmçinin Qazax Şəhidlər Xiyabanında olaraq Vətən uğrunda canından keçmiş şəhidlərin xatirəsini ehtiramla yad ediblər.
Səfər çərçivəsində jurnalistlər ADA Universitetinin Qazax Mərkəzində olub, burada gənclər üçün yaradılmış təhsil imkanları və mərkəzin fəaliyyəti barədə məlumat alıblar.
Tur proqramına uyğun olaraq Qazax Cümə Məscidi, Fəxri Qazaxlılar Parkı (Mütəfəkkirlər parkı), Qazax Ədəbiyyat Muzeyi və Qazax Tarix-Diyarşünaslıq Muzeyi ilə də tanışlıq baş tutub. Qeyd edilib ki, bu məkanlar rayonun zəngin ədəbi və mədəni irsinin təbliğində mühüm əhəmiyyət daşıyır.
Media nümayəndələri daha sonra Qazax Olimpiya İdman Kompleksində yaradılan şəraitlə maraqlanıb, gənclərin idmana cəlb olunması istiqamətində həyata keçirilən layihələr barədə məlumatlandırılıblar.
Səfər çərçivəsində “Qarabağ Azərbaycandır!” Abidə Kompleksi də ziyarət edilib. Ardınca jurnalistlər Heydər Əliyev Parkında və Heydər Əliyev Mərkəzində olublar.