BAKI, 15 may. TELEQRAF
7 ölkə, o cümlədən ev sahibi Azərbaycan, 2025-ci il III MDB Oyunlarında iştirakını təsdiqləyib.
Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən Teleqraf-a verilən məlumata görə, hazırda Oyunlarda iştirak edəcək nümayəndə heyətlərinin qeydiyyatı davam edir.
Bu günə olan məlumata əsasən, MDB məkanını təmsil edən 7 ölkədən 23 idman növü üzrə ümumilikdə 1659 idmançı qeydiyyatdan keçib. Qeydiyyatdan keçmiş nümayəndələrin ümumi sayı isə 2385 nəfərdir.
Komanda idman növlərləri – futbol (U-16), basketbol 3x3 və voleybol yarışlarında altı ölkə iştirakını təsdiqləyib. Güləş, boks, cüdo və taekvondo kimi fərdi növlərdə isə 100-dən çox idmançı qeydiyyatdan keçib.
İştirakını təsdiqləmiş ölkələr Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Özbəkistan və Tacikistandır.
Qeyd edək ki, ilkin mərhələdə yalnız MDB ölkələrinin nümayəndə heyətləri qeydiyyatdan keçirilir. İkinci mərhələdə isə qeydiyyat MDB-yə üzv olmayan, Oyunlarda xüsusi dəvət əsasında iştirak edən ölkələrin nümayəndə heyətləri üçün aparılır. Ümumilikdə, Oyunlara dünyanın 23 ölkəsindən 5500-ə yaxın iştirakçının qatılması gözlənilir.
III MDB Oyunları 2025-ci il 28 sentyabr – 8 oktyabr tarixlərində Azərbaycanın yeddi şəhərində – Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə keçiriləcək.