AĞDƏRƏ, 28 iyun. TELEQRAF
Ağdərədə mikroavtobusun qəzaya düşməsi nəticəsində xəsarət alanların son durumu açıqlanıb.
TƏBİB-dən Teleqraf-ın Qarabağ bürosunun sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 09:30 radələrində Ağdərə rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 5 nəfər (3 qadın, 2 kişi) Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicələri davam etdirilir, vəziyyətləri stabildir.
***
12:46
Ağdərə rayonunda tur iştirakçılarını daşıyan mikroavtobusun qəzaya düşməsi nəticəsində beş nəfər xəsarət alıb.
Teleqraf-ın Qarabağ bürosunun məlumatına görə, yol-nəqliyyat hadisəsi rayonun Vəngli kəndi ərazisində qeydə alınıb.
Məlumata görə, hərəkətdə olan mikroavtobus qarşıdan gələn minik avtomobili ilə toqquşub. Qəza nəticəsində mikroavtobusda olan sərnişinlərdən — 1984-cü il təvəllüdlü İmanova Raidə Bəxtiyar qızı, 1989-cu il təvəllüdlü Həsənova Həcər Əli qızı, 2011-ci il təvəllüdlü Babayeva Minarə Elnur qızı, 2018-ci il təvəllüdlü İmanov Hüseyn Pərviz oğlu və 1966-cı il təvəllüdlü Hacıyeva Nərgiz Əmrah qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar təcili tibbi yardım avtomobilləri ilə Bərdə Müalicə-Diagnostika Mərkəzinə çatdırılıblar.
Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.