BAKI, 6 noyabr. TELEQRAF
Abutriyent və şagirdlər üçün gizli texniki vasitələrlə "köməklik" etməkdə təqsirləndirilən şəxslər barədə cinayət işi məhkəməyə göndərilib.
Bu barədə Teleqraf-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmiş şəxslərə imtahan qaydalarına zidd olaraq köməklik göstərilməsinə dair Dövlət İmtahan Mərkəzindən Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olmuş məlumatlar əsasında başlanmış cinayət işinin ibtidai istintaqı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində davam etdirilib.
İbtidai istintaqla fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan İslam Babayevin təşkil etdiyi hazırlıq kursunun abutriyentləri və şagirdlərinə ali məktəblərə qəbul və buraxılış imtahanlarının gedişində testləri cavablandırmağa kömək etmək məqsədilə gizli qaydada informasiya alınması üçün nəzərdə tutulan texniki vasitələri qanunsuz olaraq hazırlamasına, habelə Ayxan Məmmədov və Murad Məmmədovla cinayət əlaqəsinə girməklə həmin texniki vasitələri 11 nəfərin üzərinə quraşdırmaqla onlara köməklik göstərmələrinə əsaslı şübhələr müəyyən edilib.