BAKI, 5 noyabr. TELEQRAF

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Bakı şəhəri, Xətai rayonu Zığ-Beton yolunun kəsişməsində evakuatorun idarəetməni itirərək magistral yolda aşması nəticəsində yola yağ və yanacağın dağılması barədə məlumat daxil olub.

Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.

Yanğınsöndürənlər tərəfindən təhlükəsizlik tədbirləri çərçivəsində avtomobilin aşması nəticəsində ətrafa dağılmış yağ və yanacaq yuyularaq mümkün yanğın təhlükəsi aradan qaldırılıb.