BAKI, 10 oktyabr. TELEQRAF
Bakıdakı Rusiya səfirliyinin nümayəndələri bir neçə gün əvvəl ev dustaqlığına buraxılan "Sputnik Azərbaycan"ın icraçı direktoru İqor Kartavıxı ziyarət ediblər.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova bildirib.
Onun sözlərinə görə, Rusiya diplomatları bütün bu müddət ərzində İqor Kartavıxla əlaqəni saxlayıb və Azərbaycan tərəfinin dəstəyi ilə onun sağlamlığını nəzərə alaraq zəruri yardımı təmin ediblər.
Bundan öncə Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov açıqlayıb ki, Bakıda saxlanılan "Sputnik Azərbaycan"ın icraçı direktoru İqor Kartavıx azad edilib.
Daha sonra "Rossiya Seqodnya" beynəlxalq media qrupunun baş direktoru Dmitri Kiselev "RİA Novosti"yə açıqlamasında bildirib ki, İqor Kartavıx ev dustaqlığına buraxılıb.
Qeyd edək ki, "Rossiya Seqodnya" beynəlxalq media qrupunun Bakı filialının ("Sputnik Azərbaycan") icraçı direktoru İqor Kartavıx və baş redaktor Yevgeni Belousov Daxili İşlər Nazirliyinin iyunun 30-da qurumun Bakı ofisində keçirdiyi əməliyyat zamanı saxlanılıblar.
Xətai Rayon Məhkəməsinin qərarı ilə onların barəsində həbs qətimkan tədbiri seçilib.