BAKI, 10 oktyabr. TELEQRAF

Bakıda həbs edilən "Sputnik Azərbaycan"ın icraçı direktoru İqor Kartavıxın barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilib.

Teleqraf xəbər verir ki, bu barədə "RİA Novosti"yə "Rossiya Seqodnya" beynəlxalq media qrupunun baş direktoru Dmitri Kiselev bildirib.

Onun sözlərinə görə, İqor Kartavıx ev dustaqlığına buraxılıb.

***

11:13

Bakıda saxlanılan "Sputnik Azərbaycan"ın icraçı direktoru İqor Kartavıx azad edilib.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya prezidentin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.

Yuri Uşakovun sözlərinə görə, məsələnin həlli üzrə danışıqlar əsasən prezidentlərin köməkçiləri səviyyəsində aparılıb.

"Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev ilə birbaşa əlaqə saxlanılıb və qərar Vladimir Putinlə İlham Əliyevin Düşənbədəki görüşündən əvvəl qəbul edilib. Bu məsələnin operativ həlli iki ölkə prezidentləri ilə koordinasiyanın mümkünlüyü sayəsində reallaşıb",- o qeyd edib.

Qeyd edək ki, "Rossiya Seqodnya" beynəlxalq media qrupunun Bakı filialının ("Sputnik Azərbaycan") icraçı direktoru İqor Kartavıx və baş redaktor Yevgeni Belousov Daxili İşlər Nazirliyinin iyunun 30-da qurumun Bakı ofisində keçirdiyi əməliyyat zamanı saxlanılıblar.

Xətai Rayon Məhkəməsinin qərarı ilə onların barəsində həbs qətimkan tədbiri seçilib.