
BAKI, 26 fevral. TELEQRAF
Milyarder və ABŞ Prezidenti Donald Trampın müttəfiqi İlon Maskın hökumətin işlərinə müdaxiləsi Konqresdəki respublikaçıları narahat etməyə başlayıb.
Teleqraf xəbər verir ki, bu barədə “Politico” yazır.
ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Conson Maskın büdcə planına müdaxiləsinə narazılıq edib. Senator Tom Tillis də Trampın təyin etdiyi şəxslərin milyarderin şıltaqlıqlarına müqavimət göstərməsini təklif edib.
Siyasətçi həmkarlarını Maskın rəhbərlik etdiyi Hökumətin Səmərəliliyi Departamenti (DOGE) ilə nə etməyə çalışdığını görməyə çağırıb. Tillisin sözlərinə görə, gözlənilməz nəticələrin qarşısını almaq üçün onu cilovlamaq lazımdır.
Hətta Maskın hökumətin kiçildilməsi ideyasını dəstəkləyən respublikaçılar da etiraf edirlər ki, ictimaiyyət DOGE-nin (ayrı-ayrı qurumlarda) həyata keçirdiyi ixtisarların miqyasına müsbət yanaşmır.
“Politico” vurğulayır ki, Tramp dünyanın ən zəngin adamına daha böyük güc versə də, Konqresdəki respublikaçılar Maskın səlahiyyətlərinin məhdudlaşdırılmasının lazım olduğuna işarələr verirlər. Bu, xüsusilə Maskın Respublikaçılar Partiyası liderlərinin onsuz da mürəkkəb olan qanunvericilik gündəliyinə müdaxiləsi zamanı daha aydın göründü.
Nəşr Maskın qanunvericiliklə bağlı məsələlərə qarışmasının Demokratlar Partiyası ilə yanaşı, respublikaçıları da qəzəbləndirdiyini bildirir.
“Respublikaçılar milyarderin Trampı qeyri-mümkün olanı etməyə təşviq etdiyinə inanırlar”, - materialda deyilir.
Mask haqqında ictimai rəy də pisə doğru dəyişir. Son sorğular göstərir ki, ABŞ vətəndaşları milyarderə mənfi münasibət bəsləyirlər.