BAKI, 26 fevral. TELEQRAF

Azərbaycanın Almaniyadakı səfirliyi Xocalı faciəsinin 33-cü ildönümü ilə əlaqədar Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində anım tədbiri təşkil edib.

Teleqraf xəbər verir ki, bu barədə ölkəmizin Almaniyadakı səfirliyindən bildirilib.

Qeyd olunub ki, tədbir iştirakçıları Mədəniyyət Mərkəzinin foyesində Azərbaycanın Xalq rəssamı Əşrəf Heybətovun Xocalı faciəsini əks etdirən əsərlərindən ibarət sərgi ilə tanış olublar.

Anım mərasimində əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra səfirliyin Xocalı soyqırımına dair alman dilində hazırladığı qısa film nümayiş edilib.

Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev anım mərasimində çıxış edərək, Xocalı soyqırımının İkinci Dünya müharibəsindən sonra Avropada baş vermiş ilk dəhşətli soyqırımı olduğunu diqqətə çatdırıb. Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində sistemli və genişmiqyaslı iş aparıldığını vurğulayan səfir Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə uğurla həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının bu sahədə mühüm rol oynadığını qeyd edib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əzəli torpaqlarının işğaldan azad edilməsi, ölkəmizin ərazi bütövlüyü və suverenliyi ilə yanaşı, tarixi ədalətin də bərqərar olduğunu, şəhidlərimizin qanının yerdə qalmadığını bildirən Nəsimi Ağayev Xocalının artıq tam yenidən qurulduğunu və xocalılıların doğma yurdlarına qayıtmağın sevincini yaşadıqlarını diqqətə çatdırıb.