BAKI, 26 fevral. TELEQRAF

ABŞ-nin keçmiş administrasiyası, o cümlədən kürdlər tərəfindən uzun illər Suriyada bəslənən separatçı ideyalar Yaxın Şərqin bütün ölkələri üçün qəti şəkildə qəbuledilməzdir və regionda böyük müharibəyə səbəb ola bilər.

Teleqraf xəbər verir ki, bunu Qətərdə səfərdə olan Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

O qeyd edib ki, Suriyada yeni hökumət qurulduqdan sonra ölkənin bəzi bölgələrində müxtəlif qruplar arasında toqquşmalar davam edir:

“Suriya ərazisinin bir çox hissəsi özlərini mərkəzi hakimiyyətdən ayırmaq istəyini göstərir. Bu, təkcə Bayden administrasiyasının himayəsi altında uzun illərdir separatizm ideyalarını bəsləyən kürdlərə aid deyil, bu, regionun bütün ölkələri üçün qəti şəkildə qəbuledilməzdir, çünki bu, böyük müharibəyə səbəb ola bilər”.

Həmçinin Lavrov əlavə edib ki, buna baxmayaraq, digər etno-konfessional qruplar mövcud vəziyyətdən istifadə edərək müəyyən muxtariyyət hüquqlarını bəyan etməkdən çəkinmirlər.