
Bakıda növbəti dəfə qadın voleybolçular arasında Avropa çempionatı (CEV EuroVolley Women) keçiriləcək.
Teleqraf xəbər verir ki, ilk dəfə 2017-ci ildə yarışa Gürcüstanla birgə ev sahibliyi etmiş Azərbaycan 9 il sonra yenidən bu hüquqa sahib çıxıb.
21 avqust - 6 sentyabr 2026-cı ildə baş tutacaq qitə çempionatında Azərbaycan 4 qrupdan birinə ev sahibliyi edəcək.
Bakıda qrup oyunları Milli Gimnastika Arenasında təşkil olunacaq. Avropa Voleybol Konfederasiyasının (CEV) AVRO-2026 üzrə təşkilat komitəsinin nümayəndələri və yayım hüququna malik CEV-in tərəfdaşı olan İnfort şirkətinin əməkdaşları hazırlıq işləri ilə tanış olmaq üçün 24-25 fevral tarixlərində Azərbaycan paytaxtında səfərdə olublar.
Səfər çərçivəsində qarşılaşmaların keçiriləcəyi Milli Gimnastika Arenasına və voleybolçuların yerləşdiriləcəyi otellərə baxış keçirilib, həmçinin bir sıra digər təşkilati məsələlər müzakirə olunub.
Qeyd edək ki, AVRO-2026-da ümumilikdə Avropanın 24 ən yaxşı komandası 4 qrupda mübarizə aparacaq. Digər qruplara Çexiya, İsveç və Türkiyə ev sahibliyi edəcək.