BAKI, 26 fevral. TELEQRAF

Fevralın 25-də Prezident Administrasiyasının təşkil etdiyi dəyirmi masada Milli Məclis Aparatının, Mərkəzi Seçki Komissiyasının, Ədliyyə və Maliyyə nazirliklərinin, Hesablama Palatasının, 25 siyasi partiyanın nümayəndələri, həmçinin tanınmış alimlər, politoloqlar, siyasi şərhçilər, internet televiziya kanalları və onlayn media subyektlərinin nümayəndələri iştirak ediblər. Sözsüz ki, bu cür müzakirələrin ölkədə ictimai-siyasi proseslərə təsiri birmənalıdır.

Mövzu ilə bağlı Teleqraf-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Musa Quliyev belə müzakirələrin əhəmiyyətindən bəhs edib.

Bildirib ki, Prezident Adminstrasiyasının təşkilatçılığı ilə siyasi partiyalarla dövlət orqanları arasında konstruktiv əməkdaşlığın inkişaf etdirilməsi, eləcə də siyasi dialoq mühitinin təşviq olunması məqsədilə keçirilən dəyirmi masanın əhəmiyyəti olduqca böyükdür. Sözsüz ki, hakim partiya olaraq Yeni Azərbaycan Partiyası (YAP) hər zaman cəmiyyətdə həmrəyliyin tərəfdarı olub. Müxtəlif dövrlərdə digər siyasi təşkilatlara YAP tərəfindən həmrəylik və əməkdaşlıq niyyəti bildirilir, təkliflər olunur. Ölkə həyatı üçün həlledici anlarda Azərbaycanda fəaliyyət göstərən bütün siyasi partiyaların birləşdiyi, eyni bəyanat verdiyi, eyni fikirdə olduğu hər kəsə bəllidir. Prezident Adminstrasiyasının siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi yaradıldıqdan sonra bu proses sistemli olaraq həyata keçirilir.

2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanda fəaliyyət göstərən iki siyasi partiya istisna olmaqla digər bütün partiyalar dövlətin yanında olduğunu bəyan etdi. Həmin siyasi partiyalar iqtidarın apardığı siyasəti dəstəklədiklərini və Ali Baş Komandanın arxasında olduqları bildirdilər. Ondan sonrakı dövlərdə də Azərbaycan bir-iki siyasi partiya istisna olmaqla, digər partiyaların konsalidasiya olunduğunu və dövlətin yanında olduqları vermiş olduqları bəyanatlarda öz təsdiqini tapıb”.

Musa Quliyev ölkəmizdə siyasi partiyalar arasında dialoqun genişləndirilməsi ilə bağlı təkliflərin olduğunu və birgə konfransların keçirildiyini söyləyib: “Bütün bunlar ümumi həmrəyliyin və vətəndaş cəmiyyətinin inkişafına töhfə hesab edilir. Bu Azərbaycan dövlətçilik tarixində mühüm yer tutur. Prezident İlham Əliyevin sərəncamı ilə 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edilib. Dövlət suverenliyinin təmin edilməsinin 5 illiyi və konstitusiyanın qəbul edilməsinin 30 illiyinin qeyd olunduğu dövrdə bu cür tədbirlərin əhəmiyyəti olduqca böyükdür. Baş tutmuş prezident, parlament və bələdiyyə seçkiləri alternativ şəraitdə keçirilib. Müxtəlif partiyaların və bitərəflərin iştirakı təmin olunub. Bu da cəmiyyətdə harmoniya yaradır. Azərbaycanın ümumi məqsədləri, ölkəmizin suverenliyinin möhkəmlənməsi, dövlətçiliyin inkişafı və Azərbaycan xalqının rifahı naminə fəaliyyətə köklənmək üçün bu cür siyasətin həyata keçirilməsi vacibdir”.

Azərbaycan Xalq Partiyasının sədri (AXP) Pənah Hüseyn dəyirmi masada iştirak etdiyini, bu kimi tədbirlərin əhəmiyyətinin böyük olduğunu qeyd edib.

Partiya sədri bildirib ki,ümumən bu kimi dialoq təsəbbüşlərini və onun reallaşması müsbət addımdır: “Hakimiyyət və siyasi partiyalar arasında ünsiyyətin olması vacib amildir. Bu proses təxminən 5 il öncə başladılıb. Amma hələ də xeyli problemlər var. Ötən gün baş tutan dialoqda da bu istiqamətdə fikirlər səsləndi. Sözsüz ki, bu müzakirələr fərqli məzmunda və formatda aparılmalıdır. Çünki bəziləri tərəfindən bunun gerçək dialoq olub-olmaması mübahisələndirilir. Ümumən ünsiyyətin, təmasların, bu cür əlaqələrin müsbət cəhəti daha çoxdur”.

Pənah Hüseyn siyasi partiyaların cəmiyyətdə rolunun artırılması ilə bağlı kompleks tədbirlərin həyata keçirilməsi ilə bağlı təkliflərlə çıxış etdiyini söyləyib: “Siyasi partiyalar haqqında mövcud qanunvericiliyin asanlaşdırılması və sadələşməsi daha əlverişli mühit yarada bilər. Bu yeni siyasi partiyaların yaradılması və onların fəaliyyət qaydaları, hesabatlılığı ilə bağlı daha asan mexanizmlərin yaradılıması ilə bağlıdır”.

ReAl Partiyasının sədri Natiq Cəfərli də dəyirmi masada iştirak etdiyini siyasi partiyalar, dövlət qurumlarının nümayəndələri ilə belə dialoqlarda səmərəli müzakirələrin aparıldığını deyib.

Partiya sədri bildirib ki, bu xüsusda Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi böyük iş gördü: “Buna görə ayrıca təşəkkür düşür. Ötən günkü dialoqa başqa dövlət qurumlarının nümayəndələri də dəvət edilmişdi. Onlar da çıxışlarında maraqlı məqamlar və rəqəmlər açıqladılar. Maliyyələşmə məsələsi, eyni zamanda ədliyyə nazirliyinin nümaydəsinin partiyaların ilkin və təkrar qeydiyyatı ilə bağlı açıqlamaları müzakirələr üçün yeni mövzular vermiş oldu”.

Natiq Cəfərli dialoqdakı çıxışında konkret məsələlərin üzərində görüşlərin və müzakirələrin keçirilməsini təklif etdiyini söyləyib: “Bu praktikanın özü çox uğurludur. Burada müəyyən qədər konkretlik azdır. Təhsil, iqtisadi və sosial siyasət mövzuları ilə bağlı geniş və ayrıca müzakirələrin təşkil edilməsi vacibdir. Belə müzakirələr cəmiyyət və siyasi partiyaların peşəkarlığının artırılması, dövlət orqanlarına bəzi tənqidlərin, iradların çatdırılması ilə yanaşı kifayət qədər müsbət dinamika yarada bilər”.