Türkiyənin Malatya şəhərində dəhşətli zəlzələdə dünyasını dəyişən Samir Quliyevin qohumu, Beynəlxalq Təhsil Mərkəzinin direktoru Ramal Şəmşədli Teleqraf.com-a bibisi oğlu haqda danışıb.
O bildirib ki, Samir Quliyevin üç dostu ilə birgə faciəli şəkildə vəfat etməsi ailəsini çox sarsıdıb.
Əslən Gədəbəydən olan Samir Quliyev iki il öncə Elazığda baş verən zəlzələdən sonra Malatyada yerləşən İnönü Universitetinə keçib.
- Samir Quliyev Türkiyədə Elazığ şəhərində təhsil alırdı, bilirsiniz ki, 2020-ci ildə orada böyük zəlzələ baş verdi. Həmin vaxt şəhərində yaşayan azərbaycanlı tələbələr, o cümlədən Samir təxliyə olundular. Həmin fəlakətdən narahat olduğumuza görə Samiri Malatya şəhərində yerləşən İnönü Universitetinə köçürdük.
Təəssüflər olsun ki, orda da bu vəziyyətlə qarşılaşdıq. Samirgil ailədə iki qardaşdırlar. Böyük qardaşı baş leytenantdır, Cəmşid Naxçıvanski adına hərbi liseyi bitirib, İkinici Vətən Müharibəsində altı medalla təltif olunub. Uşaq vaxtından atalarını itiriblər, onları anası böyüdüb.
- Samir Quliyevin anası harada yaşayır?
- Gədəbəy rayonunda. Anası rayondadır. Zəlzələ xəbərini eşidəndən anası pis vəziyyətdədir, Bakıya gələ bilmədi. Hazırda Samirin nəşinin Azərbaycana gətirilməsinə hazırlıq işləri gedir.
- Türkiyəyə Samir Quliyevin ailə üzvlərindən kim gedib?
- Qardaşı Sahil Quliyev Türkiyədədir.
- Cənazə Türkiyədən vətənə nə vaxt gətiriləcək?
- Samirin və digər üç tələbənin cənazəsi bu gün Malatyadan İstanbula aparılacaq. İstanbuldan da Bakıya təyyarə saat 23 radələrində yola düşəcək. Cənazə gecə saat 2-də Heydər Əliyev adına Beynəlxalq Hava Limanında olacaq.
- Qohumunuz harada dəfn oluacaq?
- Gədəbəydə. Onu da deyim ki, Samirin qardaşı Sahilin toy mərasiminə hazırlıq gedirdi. Bu faciə ilə qarşılaşdıq... Türkiyədə zəlzələdə vəfat edən dörd tələbəmizin hər biri çox vətənpərvər gənclər idi. Çünki yaşadıqları mənzildən Azərbaycan və Türkiyə bayraqlarının, "Qurani-Kərim" kitabının çıxdığını gördük.
Bayraqlara diqqət etsəniz görərsiniz ki, çirklənməmişdi və nöqtə qədər heç nə yox idi. Dördü də Azərbaycan adına hər şey edirdilər. Bütün tədbirlərə qatılırdılar, maraqlı layihələr həyata keçirirdilər. Azərbaycan dövləti və milləti üçün yaxşı arzuları, xəyalları var idi. Çox təəssüf ki, yarımçıq qaldı.
- Samir Türkiyədə universitetdə hansı ixtisas üzrə təhsil alırdı?
- Öncə Elazığ şəhərində yerləşən universitetdə iqtisadiyyat üzrə təhsil alırdı. Zəlzələdən sonra fikrini dəyişdi, onlara təxliyə prosesində psixoloji dəstək göstərilmişdi və qərara aldı ki, İnönü Universitetində psixologiya fakültəsi üzrə təhsil alacaq.
O sahədə mütəxəssisə ciddi ehtiyac olduğunu və insanlara kömək etməyi düşünürdü. Bizə deyirdi ki, yaxşı psixoloq olmaq istəyir.
- Digər üç tələbəmiz Şahin Vəliyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadə ilə uzun zaman dost idilər?
- Bəli, Hümam İsmayıllı axırıncı kurs tələbəsi idi. Onunla bir-birini çoxdan tanıyırdılar. Şahin Vəliyev də bakalavr pilləsində təhsil alırdı idi. Gündüz Nəzərzadə isə universitetin magistratura səviyyəsi üzrə oxuyurdu. Onlar bir-birini tanıyırdılar və xasiyyətləri uyğun idi. Şəkildə gördüyünüz kimi dördü də bir-birinə oxşayır, hamısının gözündə sanki kədər var.
- Tələbələrin gec tapılmasıyla bağlı müxtəlif versiyalar səsləndi. Ehtimallar oldu ki, zəlzələ baş verən gecə mənzildə qalmayıblar, pilləkəndə qaçanda hadisə baş verib, dağıntılar altından səsləniblər ki, sağıq və sair. Bəs Türkiyədə olan ailə üzvlərinə hansı məlumatlar verildi?
- O informasiya sosial şəbəkədə yayılmışdı, bilmədik mənbə haradandır. Biz də istərdik ki, xəbər doğru olsun. Hamı ümidlənmişdi, amma yanlış informasiya idi. Onların yaşadıqları bina zəlzələ zamanı 6 saniyədə çöküb. Altı saniyədə yuxudan oyanmaqları və çölə çıxmaqları mümkün deyil.
Tələbələr yuxuda olublar. Tələbələrin cəsədinin tapılmamasına gəlincə, görüntülərə diqqət etsəniz, yaşadıqları binanın yaxınlığında başqa salamat binalar var. Əvvəl orada qalıblar. Sonra mənzil satıldığına görə qarşıdakı binaya köçməyə məcbur olublar. Həmin bina 2020-ci ildə baş verən zəlzələdə zədələnib və istifadə olunacaq vəziyyətdə deyilmiş, möhürləyiblərmiş. Yəqin ki, rüşvət qarşılığında o binanı istifadəyə veriblər. Bu məsələyə görə Malatya şəhərində 39 nəfər həbs edilib.
- Tələbə Şahin Vəliyevin anası Esmira Hüseynova yanvarın əvvəlində oğlunun zəlzələ olacağı barədə xəbər aldıqlarını söyləyib. Samir bu barədə ailəsinə nə isə demişdi?
- Bəli, həmin məlumatı gördüm. Bizə Samir tərəfindən belə bir informasiya verilməyib. Əgər Şahin Vəliyev bunu bilirdisə, ona kim demişdi? Əgər Şahinə universitetdən və yaxud hansısa dövlət qurumundan deyilibsə, o zaman bu məlumat səfirliyimizdə də olmalı idi ki, tələbələrimiz şəhərdən təxliyə olunsun.
Açığı deyim ki, Samir bizə belə bir məlumat versəydi ki, bizə xəbərdarlıq olundu, burda güclü zəlzələ baş verəcək, biz də məsələnin üzərinə düşərdik və rəsmi qaydada Xarici İşlər Nazirliyinə müraciət edərdik. Tələbələrimizi oradan çıxartdırardıq. Bizim bundan xəbərimiz olmayıb.