BAKI, 26 iyun. TELEQRAF
Avstraliya millisi futbol üzrə dünya çempionatının qrup mərhələsini uğurla başa vuraraq pley-off mərhələsinə vəsiqə qazanıb.
Teleqraf xəbər verir ki, D qrupunun son turunda Avstraliya və Paraqvay yığmaları ABŞ-nin Kaliforniya ştatının Santa-Klara şəhərində keçirilən oyunda qolsuz heç-heçə ediblər.
Qrupun digər qarşılaşmasında isə ABŞ millisi Türkiyəyə 2:3 hesabı ilə məğlub olub. ABŞ yığmasının qollarını Ostin Trasti (3) və Sebastyan Berhalter (49) vurublar. Türkiyə millisində Arda Gülər (10), Barış Yılmaz (31) və Kaan Ayhan (90+8) fərqləniblər.
Buna baxmayaraq, ABŞ millisi daha əvvəl topladığı xallar sayəsində D qrupunu 6 xalla lider kimi başa vurub. Avstraliya 4 xalla ikinci yeri tutaraq 1/16 finala yüksəlib. Paraqvay da 4 xal toplasa da, ən yaxşı üçüncü yerlər sırasına düşəcəyinə dair hələ zəmanət əldə etməyib. Türkiyə isə 3 xalla qrupda sonuncu olub.
1/16 finalda ABŞ Bosniya və Herseqovina ilə qarşılaşacaq. Avstraliyanın rəqibi isə Misir, İran, Belçika və Yeni Zelandiyanın yer aldığı G qrupunun ikincisi olacaq.
Qeyd edək ki, Avstraliya millisi tarixində üçüncü dəfə dünya çempionatının pley-off mərhələsinə yüksəlib. Komanda bundan əvvəl 2006 və 2022-ci illərdə 1/8 final mərhələsində mübarizəni dayandırmışdı.
***
06:52
Futbol üzrə dünya çempionatının qrup mərhələsinin III turunda D qrupunda Avstraliya millisi Paraqvay yığması ilə qarşılaşır.
Teleqraf xəbər verir ki, matçın ilk hissəsi qolsuz bərabərliklə başa çatıb.
***
06:00
Futbol üzrə dünya çempionatının qrup mərhələsinin III turunda D qrupunda Avstraliya millisi Paraqvay yığması ilə qarşılaşır.
Teleqraf xəbər verir ki, matç Bakı vaxtı ilə 06:00-da start götürüb.
Qeyd edək ki, bu qrupda ABŞ millisi 6 xalla liderdir. Avstraliya və Paraqvay milliləri hərəyə 3 xal qazanıb. Türkiyə millisi isə iki oyunda da məğlub olub.