BAKI, 26 iyun. TELEQRAF
ABŞ Maliyyə Nazirliyi Venesuelada baş vermiş dağıdıcı zəlzələnin nəticələrinin aradan qaldırılması ilə əlaqədar maliyyə əməliyyatlarına tətbiq olunan məhdudiyyətləri müvəqqəti olaraq ləğv edib.
Teleqraf xəbər verir ki, Nazirliyin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) yaydığı məlumata görə, müvafiq baş lisenziya 23 oktyabr tarixinədək qüvvədə olacaq.
Sənəddə qeyd olunur ki, güzəşt Venesuelaya qarşı tətbiq edilən sanksiyalar çərçivəsində normalda qadağan olunan, lakin zəlzələnin nəticələrinin aradan qaldırılması üçün humanitar yardım və bərpa işləri ilə bağlı bütün əməliyyatlara şamil edilir.
Qeyd edək ki, iyunun 24-də Venesuelada baş vermiş güclü zəlzələ nəticəsində yüzlərlə insan həlak olub və yaralanıb. Təbii fəlakətdən sonra bir sıra ölkələr və beynəlxalq təşkilatlar Venesuelaya yardım göstərəcəklərini açıqlayıblar.