BAKI, 19 noyabr. TELEQRAF

Almaniyanın “Bavariya” klubunun Cənubi koreyalı futbolçusu Kim Min Jae qış transfer pəncərəsində komandasını dəyişə bilər.

Teleqraf xəbər verir ki, bu barədə futbol insayderi Ekrem Konur məlumat yayıb.

30 yaşlı müdafiəçi Münhen təmsilçisində kifayət qədər oyun vaxtı ala bilmədiyi üçün klubdan ayrılmağa müsbət yanaşır. Onun 2027-ci ildə komandadan ayrılacağı gözlənilir.

Məlumata görə, İngiltərənin “Tottenhem”, “Arsenal”, “Aston Villa” və İtaliyanın “Milan” klubları futbolçu ilə maraqlanır. Türkiyənin “Fənərbağça” klubu da onun vəziyyətini izləyir.

Kim Min Jaenin transfer qiymətinin təxminən 30 milyon avro olduğu bildirilir. “Fənərbağça”nın müdafiəçini əvvəlcə icarəyə götürmək, daha sonra isə transfer etmək variantını nəzərdən keçirdiyi qeyd olunur.

Qeyd edək ki, Kim Min Jaenin “Bavariya” ilə müqaviləsi 2028-ci ilin yayına qədərdir.