BAKI, 19 noyabr. TELEQRAF
“Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olması həllini tapmamış humanitar məsələlərə də toxunmaq üçün yeni imkanlar yaradıb. İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində əldə ediləcək irəliləyiş qarşılıqlı etimadın möhkəmləndirilməsinin mühüm tərkib hissəsinə çevrilə bilər”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan İrəvanda “İtkin düşmüş şəxslərin taleyi: humanitar dialoq və əməkdaşlıq” adlı beynəlxalq konfransda çıxışı zamanı deyib.
Regional proseslərə toxunan Simonyan Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olmasının təkcə onilliklər ərzində mövcud olan siyasi və təhlükəsizlik problemlərinin aradan qaldırılması üçün deyil, həm də həllini tapmamış humanitar məsələlərə yeni yanaşmaların formalaşdırılması üçün imkan yaratdığını vurğulayıb:
“Ermənistan sülh gündəliyinə sadiqdir və əmindir ki, regionda davamlı və uzunmüddətli sülh qarşılıqlı etimad, əməkdaşlıq və insan ləyaqətinə hörmət prinsipləri əsasında qurulmalıdır. Eyni zamanda, dərk etməliyik ki, sülh yaxınlarından xəbər gözləyən ailələr üçün də real və hiss olunan olmalıdır. Bu məsələdə irəliləyiş qarşılıqlı etimadın möhkəmləndirilməsinin mühüm tərkib hissəsinə çevrilə bilər. Problemin həlli siyasi iradə, amma daha çox humanitar prinsipləri rəhbər tutan ardıcıl və peşəkar fəaliyyət tələb edir”.