BAKI, 19 noyabr. TELEQRAF
“Ermənistan ərazisindən keçən TRIPP hara birləşir? Yəni TRIPP Ermənistan ərazisini keçdikdən sonra havaya qalxır?”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan jurnalistlərlə söhbətində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun TRIPP-lə bağlı texniki məsələlərin Bakı ilə müzakirə edilməli olduğu barədə açıqlamasını şərh edərkən deyib.
“Bizim ərazimizdən keçir, amma hara gedir? Tutaq ki, dağa çatdı, oradan Azərbaycan istiqamətində davam edə bilmədi, Qazaxıstana və Çinə uzadaq? Məgər deməməliyik ki, bu yolu necə çəkirik, texniki məsələləri kiminlə müzakirə etməliyik, haradan keçəcək, Marsdan? Yəni siz (jurnalistlər) bura gəlib məndən müsahibə götürəndə hansısa məsələləri mənimlə müzakirə etməmisiniz? Bu o deməkdir ki, siz məndən asılısınız və mən sizi idarə edir, yönləndirir və sizə ağalıq edirəm?
TRIPP Azərbaycana getməməlidir? Məsələn, yol və ya boru xətti çəkilir, hansısa nöqtədə birləşməlidir də. Tutaq ki, onların boru xətti Tavuşa qədər gəlirsə, biz də Vayots Dzor vasitəsilə həmin xəttə birləşən başqa boru çəkə bilərik. Bu borular bir-birinə birləşməməlidir? Siz hər şeydə daim pis bir şey axtarmaq istəyirsiniz. Heç olmasa, suallarınızda bir az məntiqə əsaslanın”, - o, yerli jurnalistlərin məsələ ilə təxribatçı suallarına cavabında bildirib.
Xatırladaq ki, Ceyhun Bayramov noyabrın 18-də almaniyalı həmkarı Yohann Vadeful ilə Bakıda keçirilən birgə mətbuat konfransında Teleqraf-ın sualını cavablandırarkən, TRIPP layihəsinin texniki parametrlərinin Azərbaycanla razılaşdırılmalı olduğunu bəyan edib. Nazir vurğulayıb ki, kommunikasiyaların giriş və çıxış hissələri Azərbaycan ərazisində yerləşir.