BAKI, 19 noyabr. TELEQRAF
“Xəzər sahillərində 3200-dən çox əsassız tikili müəyyən edilib. Bu tikililər 60 hektara yaxın ərazini əhatə edir”.
Teleqraf xəbər verir ki, bunu Əmlak Məsələləri Dövlət Xidmətinin Torpaqların dövlət idarəetməsinin təşkili və geodeziya şöbəsinin müdiri İlqar Həbiyev Xəzər dənizinin (gölünün) sahilboyu ərazilərinin idarə edilməsinin təkmilləşdirilməsi mövzusunda keçirilən mətbuat konfransında deyib.
“Biz bunları niyə əsassız tikili adlandırırıq? Çünki onları birmənalı şəkildə qanunsuz tikili adlandırmaq ifadə baxımından düzgün deyil. Bu tikililər ya torpaq qanunvericiliyinin, ya da tikinti qanunvericiliyinin tələblərinə uyğun deyil. Lakin onların tam qanuni olduğunu da demək olmaz”, - ƏMDX rəsmisi qeyd edib.
İ.Həbiyev vurğulayıb ki, Prezident İlham Əliyevin Xəzər dənizinin (gölünün) Azərbaycana mənsub olan bölməsinin sahilboyu ərazilərində dövlət idarəetməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında fərmanının əsas məqsədlərindən biri Xəzər dənizinin sahilboyu ərazilərinin idarə olunmasının səmərəliliyinin artırılmasına xidmət edir: “Fərmanın bütün bəndləri bir-biri ilə üzvi şəkildə bağlıdır. Fərmana əsasən, sözügedən ərazi xüsusi statusa malik olacaq və burada fəaliyyət zonalaşdırma prinsipi əsasında həyata keçiriləcək. Bütün ərazilərin çimərlik kimi istifadəsi həm ekoloji, həm də səhiyyə baxımından mümkün deyil. Buna görə də ərazilər mümkün qədər optimallaşdırılacaq və daha əlverişli şəkildə təqdim olunacaq. Bu prosesdə dövlət orqanları da əməkdaşlıq edəcəklər”.