BAKI, 19 noyabr. TELEQRAF

“Xəzər dənizinin sahilboyu ərazilərində yerləşən tikililərin gələcək hüquqi statusu müvafiq normativ-hüquqi aktlar və qanunvericiliyə ediləcək dəyişikliklər əsasında müəyyənləşdiriləcək”.

Teleqraf xəbər verir ki, bunu Əmlak Məsələləri Dövlət Xidmətinin Torpaqların dövlət idarəetməsinin təşkili və geodeziya şöbəsinin müdiri İlqar Həbiyev Xəzər dənizinin sahilboyu ərazilərində dövlət idarəetməsinin təkmilləşdirilməsinə dair keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, həmin obyektlərin hamısının sökülməsi nəzərdə tutulmur, onların hüquqi statusundan asılı olaraq uyğunlaşdırılması da mümkündür.

“Hazırda sahilboyu ərazilərdə yerləşən tikililərlə bağlı birmənalı qərar vermək tezdir. İlk növbədə, həmin ərazilərin hüquqi rejimi və tikililərin statusu müvafiq normativ-hüquqi aktlarla tənzimlənməlidir.
Qanunsuz tikili varsa, qanunvericiliyə uyğun olaraq sökülür və biz bu prosesləri görürük. Amma söhbət konkret sahilboyu ərazidən gedirsə, orada yerləşən tikilinin hüquqi statusuna uyğun yanaşma olmalıdır. İlk növbədə, müvafiq normativ-hüquqi aktların təsdiqini gözləməliyik”, – o vurğulayıb.