BAKI, 19 noyabr. TELEQRAF

Azərbaycanlılarla İraq türkmanlarını ortaq dil, tarixi köklər və mədəni irs birləşdirir.

Teleqraf xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) xüsusi tapşırıqlar üzrə səfiri Elşad İsgəndərov “Azərbaycan və İraq türkmanları arasında ictimai münasibətlər: Reallıqlar və perspektivlər” adlı tədbirdə deyib.

O bildirib ki, Təbrizdən Bakıya, Gəncədən Kərkükə və Təlafərə qədər danışılan dil eynidir:

“Azərbaycanlılarla İraq türkmanlarının ünsiyyətində anlaşılmazlığın olmaması da bu yaxınlığın göstəricisidir”.

Diplomat vurğulayıb ki, xalqları ortaq folklor, ədəbi irs və adət-ənənələrlə yanaşı, əsrlərə söykənən siyasi və mədəni tarix birləşdirir:

“Gülüstan və Türkmənçay müqavilələrindən sonra yaranan sərhədlər İraq türkmanlarının Azərbaycanla siyasi və mədəni əlaqələrinə də təsir göstərib”.

O, ötən əsrin 50-60-cı illərində Kərkükdə yaşayan insanların Bakı radiosunu dinləməsini doğma dilə və tarixi vətənə bağlılığın nümunəsi kimi xatırladıb.