BAKI, 19 noyabr. TELEQRAF

FIFA prezidenti Canni İnfantino dünya çempionatlarının kommersiya hüquqlarının bir hissəsinin satılması ilə bağlı ABŞ-li milyarder Kuşner ailəsi ilə 10 ay ərzində qapalı danışıqlar aparıb.

Teleqraf xəbər verir ki, bu barədə “The Telegraph” nəşri məlumat yayıb.

Məlumata görə, danışıqlar 2025-ci ilin sentyabrında Sürixdə başlayıb. Həmin il noyabrın 4-də İnfantino ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşnerin ofisini ziyarət edib.

FIFA rəhbəri daha sonra Cared Kuşnerin qardaşı Coşua və onun biznes tərəfdaşları ilə də əlaqə saxlayıb. Sonrakı aylarda ailənin nümayəndələri ilə azı 10 görüş keçirilib.

Danışıqlar FIFA Forward Enterprise (FFE) adlı layihə ətrafında aparılıb. Layihə FIFA-nın təxminən 20 milyard dollar dəyərində qiymətləndirilən kommersiya strukturunun yaradılmasını nəzərdə tuturdu. Təşkilat həmin strukturun 20 faizini özəl investorlara sataraq 4,2 milyard dollaradək vəsait əldə etməyi planlaşdırırdı.

Layihənin əsas investoru Coşua Kuşnerin nəzarətində olan “Thrive Eternal” şirkəti olmalı idi. ABŞ-nin “JPMorgan” bankı isə layihənin maliyyə məsləhətçisi kimi çıxış edib.

Nəşrin məlumatına görə, FIFA Şurasının bir çox üzvü danışıqların başlanmasından xeyli sonra layihədən xəbər tutub. Təkliflər təşkilat rəhbərliyinə ilk dəfə 2026-cı il iyulun 18-də təqdim edilib.

Layihə nümayəndələri Cared Kuşnerin sövdələşmədə iştirak etmədiyini bildiriblər. Bununla belə, bəzi görüşlərin onun ofisində keçirildiyi müəyyənləşib. Onun həmin görüşlərdə şəxsən iştirak edib-etmədiyi təsdiqlənməyib.

Qeyd edək ki, FIFA iyulun sonunda UEFA və digər futbol təşkilatlarının kəskin tənqidlərindən sonra layihədən imtina edib.