BAKI, 19 noyabr. TELEQRAF
Azərbaycan hökuməti İraqda yaşayan soydaşlarının vəziyyəti ilə ardıcıl maraqlanmaq və onlara müxtəlif istiqamətlərdə dəstək göstərmək niyyətindədir.
Teleqraf xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev “Azərbaycan və İraq türkmanları arasında ictimai münasibətlər: Reallıqlar və perspektivlər” adlı tədbirdə deyib.
O bildirib ki, Azərbaycan soydaşlarına yardım göstərməyə hazırdır:
“Bu dəstək təhsil, ümumi və humanitar proqramlarla yanaşı, iqtisadi və siyasi istiqamətləri də əhatə edir”.
Fərid Şəfiyev vurğulayıb ki, Azərbaycanın xarici siyasətinin əsas prinsiplərindən biri dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşmaqdır:
“Azərbaycan İraqın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir. Soydaşlara siyasi dəstək hər hansı ölkənin daxili işlərinə müdaxilə demək deyil. Bu, İraqda yaşayan azərbaycanlıların həmin ölkənin qanunvericiliyi çərçivəsində bütün hüquqlarla təmin olunmasına maraq göstərməkdir”.