BAKI, 18 noyabr. TELEQRAF

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin İqtisad Ekspertizalar şöbəsinin sabiq aparıcı eksperti Rüfət Sultanovun, Cavad Nərimanov və Elvin Ramazanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf-ın xəbərinə görə, Bakı Ağır Cinayətıər Məhkəməsində hakim Eldar ismayılovun sədrliyi ilə keçirilən prosesdə iki vəkilin prosesdə iştirak etmədiyi məlum olub.

Hakim deyib ki, Rüfət Sultanovun iki vəkili olsa da, heç biri iclasa gəlməyib. Müdafiəçilərdən biri ölkə xaricindədir, digərinin isə səhhətində problem yaranıb.

Hakimin sözlərinə görə, qanunvericiliyin tələblərinə uyğun olaraq bir vəkil iclasda iştirak etmirsə, prosesin davam etdirilməsi mümkün deyil.

Qeyd edək ki, bundan əvvəl də iki dəfə məhkəmə iclası digər təqsirləndirilən şəxslərin vəkillərin iştirak etmədiyi üçün təxirə salınmışdı.

Növbəti proses dekabrın 2-də davam edəcək.

Qeyd edək ki bundan əvvəl keçirilən iclasda çıxış edən dövlət ittihamçısı Rüfət Sultanovun, Cavad Nərimanovun və Elvin Ramazanovun ayrılıqda 2 il vəzifə tutmaq hüququndan məhrum edilməklə 9 il müddətinə azadlıqdan məhrum olunmasını, barələrindəki qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz olunaraq məhkəmə zalından həbs olunmalarını təklif edib.

Xatırladaq ki, Baş Prokurorluğun yaydığı məlumata əsasən, ibtidai istintaqla Rüfət Sultanovun həmin vəzifədə işlədiyi dövrdə Cavad Nərimanov və Elvin Ramazanovla cinayət əlaqəsinə girməsi müəyyənləşib.

Onların daxili işlər orqanlarında istintaqı aparılan cinayət işi üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası qərarının vətəndaş A. M.-in lehinə icra edilərək müvafiq rəyin verilməsi müqabilində ondan 25 min manat məbləğində pul vəsaitini rüşvət qismində istəyərək, 20 min manat məbləğində olan hissəsini almalarına, bundan başqa, Elvin Ramazanov və Cavad Nərimanovun əlavə olaraq A. M-nin 40 min manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Rüfət Sultanova Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma), Elvin Ramazanov və Cavad Nərimanova həmin Məcəllənin 178.2.1, 178.2.4 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xeyli miqdarda ziyan vurmaqla törədilən dələduzluq) və 32.5, 311.3.3-cü (külli miqdarda rüşvət almağa kömək etmə) maddələri ilə ittiham elan edilməklə barələrində istintaq orqanının vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilib.