BAKI, 10 oktyabr. TELEQRAF
İngiltərə millisinin kapitanı Harri Keyn Almaniyanın “Bavariya” klubu ilə müqaviləsini uzatmağa yaxındır.
Teleqraf xəbər verir ki, Münhen təmsilçisi 33 yaşlı hücumçunun uzunmüddətli gələcəyini klubla bağlamaq üçün danışıqları davam etdirir.
Komandanın idman direktoru Kristof Freyund tərəflər arasında müzakirələrin müsbət istiqamətdə getdiyini təsdiqləyib.
Almaniya mətbuatında daha əvvəl yayılan məlumatlarda tərəflərin 2029-cu ilə qədər qüvvədə olacaq yeni müqavilənin əsas şərtləri ilə bağlı razılığa gəldiyi iddia olunub. Lakin bu barədə hələ rəsmi açıqlama verilməyib.
Qeyd edək ki, Keyn 2023-cü ildə İngiltərənin “Tottenhem” klubundan “Bavariya”ya keçib. O, Münhen təmsilçisinin heyətində keçirdiyi 154 oyunda 152 qol vurub.