BAKI, 9 oktyabr. TELEQRAF

“Slaviya” ilə matçdan əvvəl bu oyunun təxirə salınması mümkün deyildi. Onda “Borussiya” və “Barselona” ilə oyunlardan əvvəl də matçlarımızı təxirə salmalıyıq. Bu, nə mümkün, nə də lazımdır. Heyətimiz kifayət qədər genişdir və mübarizə apara bilərik. Hər oyundan əvvəl böyük hazırlıq prosesi gedir. Çalışmalıyıq ki, bunu daha da təkmilləşdirək.

Teleqraf xəbər verir ki, bunu “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Azərbaycan Premyer Liqasının 7-ci turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyundan sonra mətbuat konfransında deyib.

O, 0:0 hesablı heç-heçəni belə şərh edib:

“Komandamız bu gün 1 xal qazandı, yoxsa 2 xal itirdi? Bu mərhələdə bunlardan danışmaq tezdir. Bəzən itirdiyin xalları geri qaytara bilərsən. Cəmi 6 oyun keçirmişik, qarşıda isə 27 oyunumuz var.

İki güclü komanda üz-üzə gəldi. Oyunun qəhrəmanları barədə siz özünüz qərar verirsiniz. Qarşılaşma bir qədər çirkin alındı. Daha gözəl oyun görmək istəyərdik. Bəzən bir komanda üstünlük əldə edirdi, bəzən isə digəri. Bu, mənim üçün gözlənilən haldır. Fasilədən sonra oyunçular bəzən oyun ritmini itirirdilər. Bəzi futbolçular bu oyuna qədər bizimlə cəmi bir məşq keçmişdilər. Çalışmalıyıq ki, oyun ritmimizi bərpa edək və “Slaviya” ilə çətin matça hazırlaşaq.

Çətin olub-olmamasından asılı olmayaraq, bu, mənim vəzifəmdir. İşimi yerinə yetirməli, futbolçuları bu oyunlara hazırlamalıyam. Həyatda hər kəs çətinliklə qarşılaşır. Siz də mətbuat konfransına gəlir, öz yazınızı yazırsınız. Hər kəs öz işini görməlidir. Nəticə yaxşı olanda insanlar düşünürlər ki, iş asandır.

Mən hər zaman istəyirəm ki, fasilə zamanı komandamızla qalan futbolçulara daha çox şans verim. Çünki milli komandalarına yollanan oyunçular yorğun ola bilərlər. Özümün nəzarət etdiyim amillərə daha çox güvənməyə çalışıram. Sol cinah müdafiəçimiz Timateuş Puxaç istisna olmaqla, start heyətində yer alan bütün futbolçular fasilə müddətində bizimlə məşq etmişdilər. Xaybullayev isə üç məşqdə iştirak etmişdi. Bu gün onlara fürsət verdik.

Ötən mövsüm də “Neftçi” ilə burada keçirdiyimiz matç 0:0 hesabı ilə başa çatmışdı. Qarşılaşmanın çətin və ya asan olduğunu deməyim nəyisə dəyişməyəcək. Ötən mövsüm avrokuboklarda mübarizəni erkən dayandırmışdıq. Çempionatın ilk turlarında isə 5 xal itirmişdik. Bu mövsüm 6 turdan sonra cəmi 2 xal itirmişik. Buna görə şikayət edə bilmərik”.